Kim Çen In yeni raket sistemini dünyanın ən güclü hücum silahı adlandırıb
Şimali Koreya lideri Kim Çen In 600 millimetrlik yeni çoxlüləli yaylım atəşli raket sistemini (YARS) dünyanın ən güclü hədəfə yönəlmiş hücum vasitəsi adlandıraraq, ölkəsinin hərbi potensialını artıracaq yeni strateji planların siqnalını verib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, hakim Koreya Fəhlə Partiyasının (WPK) yaxınlaşan 9-cu Qurultayı ərəfəsində sursat zavodunun işçiləri tərəfindən istehsal olunan 50 ədəd yeni nəsil raket sistemi paytaxt Pxenyan kütləvi nümayiş etdirilib.
Mərasimdə çıxış edən Kim Çen In 600 mm-lik bu sistemin dünyada bənzəri olmadığını iddia edib. Silahın süni intellekt texnologiyası və təkmilləşdirilmiş tuşlama sistemləri ilə təchiz edildiyini bildirən Kim, sistemin düşmən ölkələrin hərbi infrastrukturunu və komanda mərkəzlərini bir dəfəyə məhv etmək gücündə olduğunu irəli sürüb.
Kim ayın sonunda keçirilməsi planlaşdırılan partiya qurultayında özünümüdafiə qabiliyyətinin gücləndirilməsi üzrə növbəti mərhələ planının açıqlanacağını duyuraraq, xarici təhdidlərə qarşı hərbi gücün artırılması işlərinin fasiləsiz davam edəcəyini vurğulayıb. Yanvar ayında şəxsən Kim Çen Inın iştirakı ilə sınaqdan keçirilən və təxminən 400 kilometr mənzilə malik olan bu raketlərin artıq tam şəkildə döyüş meydanında tətbiq olunmağa hazır olduğu bildirilir.
5 ildən bir keçirilən Qurultay
Şimali Koreyada ən yüksək qərar qəbul edən orqan hesab olunan və hər 5 ildən bir keçirilən qurultayda iqtisadiyyat, müdafiə və diplomatiya daxil olmaqla, növbəti 5 ilin planları müəyyən edilir.
Partiya nümayəndələrini bir araya gətirən bu tədbirdə Kim Çen In 2026–2031-ci illər üçün beşillik fəaliyyət planını təqdim edəcək. Kim 2025-ci ilin sentyabrındakı açıqlamasında bildirmişdi ki, 2026-cı il qurultayı müdafiə sahəsində nüvə və konvensional qüvvələrin eyni vaxtda inkişaf etdirilməsi üçün təşviq siyasəti formalaşdıracaq.


