İran ABŞ-a iqtisadi və neft-qaz sahəsində əməkdaşlıq təklif edir
İran Omanın vasitəçiliyi ilə ABŞ-la apardığı danışıqlar zamanı təkcə nüvə proqramı ətrafında yaranmış böhranın həllini deyil, həm də ikitərəfli iqtisadi əlaqələrin, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan təşəbbüslərlə çıxış edib. AFN.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, rəsmi Tehran sanksiyaların ləğvinə nail olmaq məqsədilə ABŞ təyyarələrinin alınmasını müzakirə etməyə hazır olduğunu, həmçinin öz neft-qaz yataqlarına çıxış imkanlarının verilməsi və birgə investisiya layihələrinin icrasını nəzərdən keçirdiyini bildirib. Telekanalın həmsöhbətləri qeyd edirlər ki, ərəb vasitəçiləri ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffa nüvə dosyesini digər mübahisəli məsələlərdən, xüsusən də Yaxın Şərqdəki proksi qüvvələrə dəstək və raket proqramından ayırmağı tövsiyə ediblər.
Uitkoffun bu ideyaya müsbət yanaşması sözügedən problemlər üzrə ayrıca danışıqlar prosesinin açılmasına imkan yarada bilər. Bununla belə, "The Wall Street Journal" qəzeti Vaşinqtonun Tehranı öz şərtlərinə razı salmaq üçün hələ də İranın hərbi və hökumət obyektlərinə məhdud zərbələr endirmək ehtimalını saxladığını yazır. CBS-in iddiasına görə, belə bir hərbi əməliyyat fevralın 21-də başlaya bilər.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə keçirilən ikinci raund danışıqlarda İran Xarici İşlər Nazirliyi gələcək saziş layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə anlaşma əldə olunduğunu açıqlayıb. Vaşinqton məsləhətləşmələrin müsbət keçdiyini bildirsə də, Tehran hələlik ballistik raket istehsalı və regional qüvvələrə dəstəklə bağlı Ağ Evin tələblərini qəbul etməyə hazır deyil.
