İran İsrailin nüvə silahına malik olmasını regionda sülhə maneə sayır
İsrailin "nüvə arsenalı" Yaxın Şərqdə atom silahından azad zonanın yaradılması yolunda əsas maneədir. AFN.az xəbər verir ki, bu mövqeyi İranın xarici işlər nazirinin müavini Kazım Qaribabadi Cenevrədə keçirilən BMT-nin tərksilah üzrə konfransında çıxışı zamanı ifadə edib.
İran dövlət radiosunun məlumatına görə, diplomat bildirib ki, bəzi hökumətlərin öz təhlükəsizlik strategiyalarında nüvə silahına arxalanmağa davam etməsi beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir. O, regionda nüvə təhlükəsizliyinin təmin olunması üçün kütləvi qırğın silahlarının tam ləğv edilməsinin vacibliyini vurğulayıb.
İran XİN rəhbərinin müavini Tehranın nüvə proqramının dinc xarakter daşıdığını bir daha təsdiqləyib: "İran nüvə silahına malik deyil, onu əldə etməyə çalışmayıb və çalışmır". Qaribabadi qeyd edib ki, İslam Respublikasının nüvə fəaliyyəti ideoloji və mənəvi prinsiplər, habelə beynəlxalq hüquqi öhdəliklər çərçivəsində inkişaf edir.
Diplomat Tehranın beynəlxalq tərksilah arxitekturasını gücləndirmək və nüvə silahından azad dünyaya doğru hərəkət etmək üçün digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib. ![]()

