Piter Mandelson dövlət sirlərini Epşteynə sızdırdığı üçün saxlanıldı
Britaniyada dövlət sirlərini amerikalı cinayətkar, cinsi istismarda ittiham olunan Ceffri Epşteynlə paylaşmaqda günahlandırılan nüfuzlu siyasətçi Piter Mandelson polis tərəfindən saxlanılıb.
AFN.az xəbər verir ki, bu barədə Britaniya polisi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, 72 yaşlı Mandelson "vəzifə səlahiyyətlərindən sui-istifadə" şübhəsi ilə fevralın 23-ü, bazar ertəsi günü Kamdendəki ünvanında saxlanılaraq dindirilmək üçün London polis bölməsinə aparılıb. Saxlanılma qərarı Uiltşir və Kamden bölgələrində aparılan axtarışlardan sonra verilib.
Mandelson və Epşteyn arasındakı gizli yazışmaların bir hissəsi hələ 2009-cu ilə — Mandelsonun Qordon Braun hökumətində Biznes və Ticarət naziri olduğu dövrə təsadüf edir. Piter Mandelson 2024-cü ildə Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin edilsə də, Epşteynlə əlaqələri üzə çıxdıqdan sonra bir ildən az müddətdə vəzifəsindən kənarlaşdırılmışdı. İşçi Partiyasının əsas memarı sayılan siyasətçi qalmaqallardan sonra həm partiya üzvlüyündən, həm də Lordlar Palatasından istefa verməli olub.
İfşa olunan yeni yazışmalar Mandelsonun strateji məlumatları sızdırdığını sübut edir:
Maliyyə təhdidləri: Mandelson 2009-cu ildə Epşteynə "JP Morgan" bankının rəhbərinin Britaniyanın Maliyyə nazirini vergi planlarına görə "yüngülcə təhdid etməli" olduğunu bildirib.
500 milyardlıq sızma: Avropa İttifaqının borc böhranı zamanı hazırladığı 500 milyard avroluq xilasetmə paketi haqqında məlumatı rəsmi açıqlanmadan öncə Epşteynə ötürüb.
Maliyyə əlaqələri: Məlum olub ki, Epşteyn 2003-2004-cü illərdə Mandelsona 75 min dollar, onun partnyoru Reynaldo Avila da Silvaya isə 10 min funt-sterlinq pul göndərib.
Hazırda hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar davam edir.
