Lord Piter Mandelson Epşteyn qalmaqalı səbəbindən istefa verdi


Böyük Britaniyanın Vaşinqtondakı keçmiş səfiri Lord Piter Mandelson ABŞ-da azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə əlaqələrinə dair yeni iddialardan sonra Leyboristlər Partiyasındakı üzvlüyündən istefa verib.

Keçmiş kabinet naziri və səfir Mandelson Leyboristlər Partiyasının baş katibinə ünvanladığı istefa məktubunda Epşteynlə əlaqələrinin yenidən gündəmə gəlməsi səbəbindən daha çox rüsvayçılığa yol açmaq istəmədiyini bildirərək partiyadan ayrılma qərarı aldığını qeyd edib. Piter Mandelson məktubunda bu ifadələrə yer verib: "20 il əvvəl mənə edildiyi iddia edilən, lakin xatırlamadığım və ya qeydiyyatını aparmadığım maliyyə ödənişlərinə dair doğru olduğuna inanmadığım ittihamlarla yenidən əlaqələndirilmişəm. Bunların tərəfimdən araşdırılması zəruridir".

Bu prosesdə Leyboristlər Partiyasının nüfuzuna xələl gətirmək istəmədiyini vurğulayan Mandelson bu səbəbdən partiya üzvlüyündən istefa verdiyini elan edib. O, həmçinin əlavə edib ki, səsləri çox daha əvvəl eşidilməli olan qadınlar və qız uşaqlarından bir daha üzr istəyir.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən cümə günü yayımlanan yeni sənədlərdə Epşteynin 2003 və 2004-cü illərdə üç ayrı əməliyyatla Mandelsona 75 min dollar ödəniş etdiyinə dair qeydlər yer alıb. Sənədlərdə hər biri 25 min dollar olan bu ödənişlərin Epşteynə aid bank hesablarından göndərildiyi iddia olunub.

Mandelson yeni sənədlər yayımlandıqdan sonra verdiyi açıqlamada həmin məlumatların doğruluğundan əmin olmadığını, lakin Epşteyni tanıdığına və onun 2008-ci ildəki məhkumluğundan sonra aralarındakı münasibəti davam etdirdiyinə görə peşmanlıq duyduğunu bildirib. Mandelson zərərçəkənlərdən qeyd-şərtsiz üzr istədiyini ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu