Rusiyada dəmiryol stansiyası yaxınlığında partlayış: 1 polis ölüb
Rusiyanın paytaxtı Moskvada, Savelovski dəmiryol stansiyası yaxınlığında baş verən partlayış nəticəsində 1 polis əməkdaşı ölüb, 2-si isə yaralanıb.
AFN.az-ın Rusiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 00:05-də şəxsiyyəti məlum olmayan bir nəfər Savelovski stansiya meydanında xidmət aparan yol polisi avtomobilinə yaxınlaşıb.
Bundan sonra naməlum qurğunun partlaması nəticəsində bir polis əməkdaşı ölüb. Rusiya İstintaq Komitəsindən verilən açıqlamada bir polisin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilib.
Partlayış zamanı yaralanan digər iki polis əməkdaşının xəstəxanaya yerləşdirildiyi qeyd olunan məlumatda, ilkin ehtimallara görə, bombalı hücumu törədən şəxsin hadisə yerində öldüyü ifadə edilib. Hazırda partlayışla bağlı hadisə yerində genişmiqyaslı araşdırmalar davam etdirilir.



