Zelenski: Putin hədəflərinə çata bilmədi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə müraciət edərək ölkəsinin müqavimətini yüksək qiymətləndirib.
AFN.az-ın məlumatına görə, dövlət başçısı sosial media hesabından paylaşdığı açıqlamada hücumun başlanğıcından ötən dövrü qiymətləndirib.
Zelenski müraciətində qeyd edib: "Hücumun başladığı ilk günləri xatırlayaraq bu günə baxdıqda, bunu deməyə haqqımız var: Müstəqilliyimizi müdafiə etdik, dövlətimizi itirmədik, Rusiya Prezidenti Vladimir Putin hədəflərinə çata bilmədi. O, ukraynalıları sındıra bilmədi və bu müharibədə qalib gəlmədi".
Prezident Rusiyanın müharibə başlayanda paytaxt Kiyevi "üç günə" ələ keçirmək planının boşa çıxdığını xatırladaraq, Ukraynanın bu müddət ərzində çox çətin və uzun bir yol keçdiyini vurğulayıb. Milyonlarla ukraynalının nümayiş etdirdiyi rəşadətə diqqət çəkən Zelenski, ölkəsini qorumaq, sülh və ədaləti bərpa etmək üçün əllərindən gələn hər şeyi edəcəklərini qeyd edib.

