"USS Gerald Ford" təyyarə gəmisində tualet böhranı



ABŞ Hərbi Dəniz Qüvvələrinin flaqmanı və Amerika hərbi gücünün simvolu sayılan 13 milyar dollarlıq "USS Gerald R. Ford" super təyyarə gəmisi kanalizasiya sistemi nasazlıqları ilə gündəmdən düşmür.

AFN.az-ın məlumatına görə, istifadəyə verilməsindən təxminən on il keçməsinə baxmayaraq, gəmidəki santexnika problemləri hələ də həllini tapmayıb.

2017-ci ildə istismara verilən gəmidə suyun qənaəti məqsədilə sərnişin gəmilərindən uyğunlaşdırılan vakuum əsaslı innovativ kanalizasiya sistemindən istifadə edilib. Lakin 4 min 600-dən çox şəxsi heyətin olduğu gəmidə dar boruların yetərsiz qaldığı, tez-tez tıxanmaların və vakuum xətalarının yaşandığı bildirilir. 2022-ci ilin hesabatları göstərir ki, sistemdəki tıxanmaları açmaq üçün hər dəfə 400 min dollar xərclə xüsusi turşu ilə yuyulma prosesi həyata keçirilməlidir.

Gəminin yanvar ayında Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatları da əhatə edən 2025-ci il missiyası zamanı hər gün ən azı bir dəfə kanalizasiya qaynaqlı texniki xidmət çağırışı edildiyi qeydə alınıb. NPR tərəfindən əldə edilən elektron məktublar yalnız dörd gün ərzində 205 nasazlığın baş verdiyini və mühəndis qruplarının sızıntıları aradan qaldırmaq üçün 19 saatlıq növbələrlə işlədiyini üzə çıxarıb.

2023-cü ildən bəri kənardan 42 dəfə texniki dəstək istənildiyi halda, bu hadisələrin 32-si yalnız 2025-ci ildə baş verib. Yaxın Şərqdəki gərginlik səbəbindən xidmət müddəti uzadılan gəmidəki problemlərin 2026-cı ildə də davam etdiyi qeyd olunur.

Müasir təyyarələr, hipersonik imkanlar və yeni nəsil nüvə reaktorları ilə təchiz edilmiş gəminin fundamental sistemlərindəki bu uğursuzluqlar heyət arasında ruh düşkünlüyünə və yorğunluğa səbəb olub. İranla mümkün münaqişə hazırlıqları davam edərkən gəmidəki yaşam şəraitinin getdikcə çətinləşdiyi və şəxsi heyətin mənəvi vəziyyətinin ciddi şəkildə pisləşdiyi ifadə edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu