UFO-lar və yadplanetlilərin varlığına dair iddialar nələrdir?
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın "yadplanetlilərin reallığı" ilə bağlı açıqlamaları və prezident Donald Trampın UFO haqqındakı sənədlərin dərc edilməsi barədə göstəriş verəcəyini elan etməsindən sonra, "Yer kənarında həyat" ehtimalı yenidən gündəmə gəlib.
Başqa planetlərdə həyatın olması ehtimalı uzun illərdir konspiroloji nəzəriyyələrin mərkəzində yer alıb. Bəzi insanlar rəsmiləri tapıntıları gizlətməkdə ittiham etsələr də, rəsmi dairələr hələlik konkret və ya təsdiqlənmiş bir sübutun olmadığını bildirirlər.
20-ci əsrin ortalarında müasir UFO müşahidələri ilə bağlı iki mühüm hadisə baş verdi:
- 1947, 24 İyun: Amerikalı pilot Kennet Arnold səmada çox sürətlə hərəkət edən "uçan disklər" gördüyünü açıqladı.
- 1947, 8 İyul: Məşhur "Rosvell hadisəsi" yaşandı. Nyu-Meksikoda düşən cismə aid qalıqlar əvvəlcə "uçan disk" adlandırılsa da, sonradan meteoroloji şar olduğu bildirildi. Bu hadisə dövlətin sirr saxladığına dair iddiaların simvoluna çevrildi.
1960-cı illərdə UFO müzakirələri qaçırılma hekayələri ilə yeni mərhələyə keçdi. 1961-ci ildə Betti və Barni Hill cütlüyü, 1975-ci ildə isə Trevis Uolton yadplanetlilər tərəfindən qaçırıldıqlarını iddia etdilər. Uoltonun hekayəsi sonradan "Fire in the Sky" filmi ilə ekranlaşdırıldı.
2004-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotları texnologiya sərhədlərini aşan aparatlar gördüklərini bəyan etdilər. 2014-2015-ci illərdə isə bu cür məruzələrin sayı artdı və UFO termini "Tanımlanmayan Hava Fenomeni" (UAP) ifadəsi ilə əvəzləndi. 2023-cü ildə keçmiş kəşfiyyatçı David Qruş hökumətin yadplanetli aparatlarını illərlə gizlətdiyini iddia etdi.
Pentaqonun 2024-cü il hesabatına görə, araşdırılan 485 hadisənin bir çoxu şar, quş və ya dron kimi adi obyektlərdir. Lakin "Milli UFO Hesabat Mərkəzi" (NUFORC) indiyədək 180 mindən çox hadisəni qeydə alıb. Sorğular göstərir ki, amerikalıların 56%-i yadplanetlilərin varlığına inanır.
Prezident Obama 2026-cı ilin fevralında bildirib ki, yadplanetlilər statistik olaraq var ola bilər, lakin sübut yoxdur. Prezident Tramp isə böyük marağı nəzərə alaraq, bütün gizli sənədlərin aşkarlanaraq dərc edilməsi barədə göstəriş verəcəyini elan edib.


