Almaniyada yeni tətil dalğası: İctimai nəqliyyatın fəaliyyəti iflic olub
Almaniyada ictimai nəqliyyat sektorunda çalışanların iş şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılması tələbi ilə başlatdıqları 48 saatlıq xəbərdarlıq tətili ölkə daxilində hərəkətin demək olar ki, dayanmasına səbəb olub.
AFN.az xəbər verir ki, Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan "Ver.di"nin çağırışı ilə təxminən 150 bələdiyyə nəqliyyat şirkətinin 100 min əməkdaşı yerli vaxtla saat 03:00-dan etibarən işi dayandırıb. Aksiyalar nəticəsində avtobus, metro və tramvay reysləri kütləvi şəkildə ləğv edilib ki, bu da səhər saatlarına qədər davam edəcək prosesdə milyonlarla sərnişinin çətinliklə üzləşməsinə şərait yaradıb.
Sərnişinlər alternativ nəqliyyat yolları axtarmağa məcbur qalarkən, həmkarlar ittifaqı rəhbərliyi tələblər yerinə yetirilməyəcəyi təqdirdə tətillərin miqyasının daha da genişlənəcəyi barədə xəbərdarlıq edib. "Ver.di"nin baş katibi Frank-Mixael Munkler bildirib ki, işəgötürənlər növbəti danışıqlarda konkret və müzakirə edilə bilən təkliflərlə çıxış etməsələr, etirazlar davam edəcək.
Xatırladaq ki, fevralın 2-də keçirilən ilk 24 saatlıq böyük tətil zamanı nəqliyyat tamamilə iflic olmuş və yollarda rekord səviyyədə tıxaclar yaranmışdı. Hazırda birlik işçilərin iş yükünü azaltmaq üçün iş həftəsinin qısaldılmasını, növbəli iş sistemində dəyişiklikləri, gecə və həftəsonu növbələri üçün daha yüksək ödənişlərin verilməsini tələb edir. Bəzi əyalətlərdə isə bu tələblərə birbaşa maaş artımı da əlavə olunub.
Şəhərdaxili nəqliyyatda xaos yaşansa da, Almaniya Dəmir Yolları (Deutsche Bahn) ilə Maşinistlər Birliyi (GDL) arasındakı uzunmüddətli böhran razılıqla başa çatıb. Şirkətin rəsmisi Martin Seyler növbəti iki il ərzində dəmir yollarında tətil olmayacağını elan edib. Əldə olunan razılaşmaya əsasən, dəmir yolu işçilərinin maaşları iki mərhələdə ümumilikdə 5 faiz artırılacaq və 2026-cı ilin aprelində birdəfəlik 700 avro ödəniş ediləcək. Bu müqavilə 2027-ci ilin sonuna qədər qüvvədə qalacaq.



