Boliviyada yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub
Boliviyanın paytaxtı La-Pas yaxınlığında pul daşıyan yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, Boliviyanın Müdafiə naziri Marselo Salinasın verdiyi məlumata görə, yeni çap edilmiş yerli əskinasları daşıyan "Hercules C-130" tipli yük təyyarəsi El-Alto şəhərindəki hava limanına eniş edərkən uçuş zolağından çıxıb və yaxınlıqdakı tarlaya düşüb.
Baş vermiş hadisə ilə əlaqədar rəsmi qurumlar terminala gələn və oradan qalxan bütün uçuşları müvəqqəti olaraq dayandırıblar. Yanğından mühafizə xidmətinin rəhbəri Pavel Tovar qəzada azı 15 nəfərin öldüyünü təsdiqləsə də, həlak olanların təyyarənin göyərtəsində, yoxsa yaxınlıqdakı magistral yolda olan nəqliyyat vasitələrində olduğu hələlik dəqiqləşdirilməyib.
Boliviya Hərbi Hava Qüvvələrinin komandanı Serxio Lora Santa-Kruz şəhərindən havaya qalxan təyyarənin altı nəfərlik ekipaj üzvündən ikisinin hələ də tapılmadığını bildirib. Rəsmi məlumata əsasən, qəza zonasında asayişi təmin etmək və ərazidəki insan kütləsini uzaqlaşdırmaq üçün 500-dən çox hərbçi və 100 polis əməkdaşı bölgəyə cəlb olunub.

