Dubayda vurulan PUA qalıqlarının düşməsi nəticəsində 2 nəfər yaralanıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının yerə düşməsi nəticəsində 2 nəfərin yaralandığı bildirilib.
AFN.az xəbər verir ki, Dubay hökumətinin mətbuat ofisi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan PUA-ların parçalarının şəhərdəki iki evin həyətinə düşdüyünü açıqlayıb.
Hadisə zamanı xəsarət alan 2 şəxsə dərhal tibbi yardım göstərilib. Rəsmi məlumatda həmçinin qeyd olunub ki, bölgədə eşidilən partlayış səsləri müdafiə sistemlərinin uğurla həyata keçirdiyi əməliyyatlarla bağlı olub.
Xatırladaq ki, İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi raket və PUA zərbələrindən sonra səhər saatlarında Dubayda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.


