Morgan Stanley 2500 işçisini ixtisar etməyə hazırlaşır



ABŞ-ın nəhəng banklarından biri olan Morgan Stanley səmərəlilik və strateji transformasiya planları çərçivəsində işçi qüvvəsini təxminən 3 faiz azaldaraq 2500 işçi ilə yollarını ayırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, beynəlxalq mətbuatda yer alan məlumatlara görə, ixtisarlar bankın üç əsas bölməsini — investisiya bankçılığı və ticarət, aktivlərin idarə edilməsi və investisiya idarəçiliyi departamentlərini əhatə edəcək.

Qərarın filiallarda işləyən maliyyə məsləhətçilərinə təsir etməyəcəyi bildirilir. Bankın bu addımı strateji hədəflər və fərdi fəaliyyət qiymətləndirmələri əsasında atdığı qeyd olunur. Morgan Stanley-nin ötən il rekord maliyyə nəticələri əldə etməsinə və dördüncü rübdə bazar gözləntilərindən yüksək mənfəət açıqlamasına baxmayaraq, belə bir qərar verməsi diqqət çəkib.

Bank rəhbərliyinin müəyyən sahələrdə kiçilməyə gedərkən, digər tərəfdən büyümə potensialı görünən strateji departamentlərdə personal sayını artırmağı hədəflədiyi ifadə edilir. Digər tərəfdən, ilin əvvəlindən bəri bir çox ABŞ texnologiya və maliyyə şirkəti kütləvi ixtisarlar elan edib. ABŞ mərkəzli qlobal şirkətlərin avtomatlaşdırmaya meyil etməsi və səmərəliliyin artırılması strategiyaları nəticəsində yanvar ayında elan edilən ixtisar rəqəmləri son illərin ən yüksək səviyyəsinə çatıb.

"Challenger, Gray & Christmas" konsaltinq şirkətinin məlumatlarına görə, ABŞ-da yanvar ayında duyurulan ixtisarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 118 faiz artaraq 108 min 435-ə yüksəlib. Ekspertlər operativ proseslərin sadələşdirilməsinin və süni intellektin iş mühitinə inteqrasiyasının işçi qüvvəsi strukturunu kökündən dəyişdirdiyinə diqqət çəkirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu