KİV: Çin dollar milyarderlərinin sayına görə ABŞ-ı qabaqlayaraq lider olub
Çin sərvəti 1 milyard dolları keçən insanların sayına görə dünyanın bir nömrəli ölkəsi statusunu geri qaytarıb.
AFN.az xəbər verir ki, bu barədə Çinin "Hurun" tədqiqat şirkəti tərəfindən hazırlanan "Hurun Global Rich List 2026" hesabatında deyilir.
Məlumata görə, dünyada milyarderlərin sayı ilk dəfə 4 min həddini aşaraq 4 020 nəfərə çatıb. Çin ötən ilki hesabatda ABŞ-dan geri qalsa da, yenidən siyahıya başçılıq edir. Son məlumatlara görə, Çin 1 110 milyarderlə liderdir ki, bu da ötən illə müqayisədə 287 nəfər çoxdur. ABŞ isə əvvəlki ildən 130 nəfər çox olmaqla, 1 000 milyarderlə ikinci yerdə qərarlaşıb.
Siyahını 100-dən çox şəxs tərk etsə də, dünyada milyarderlərin ümumi sayı il ərzində 578 nəfər artıb ki, bu da yeni dünya rekordudur. Siyahıya ilk dəfə 726 yeni iştirakçı daxil olub, yəni dünyada orta hesabla hər gün 2 yeni milyarder peyda olub. Onlardan 318 nəfəri Çində qeydə alınıb.
Hindistan 308 milyarderlə üçüncü pillədədir, ondan sonra Almaniya (171), Böyük Britaniya (150) və İsveçrə (114) gəlir. "Hurun Global Rich List 2026" məlumatlarına görə, Rusiya siyahıda yeddinci yerdədir və orada 105 dollar milyarderi yaşayır ki, bu da keçən ildəkindən 16 nəfər çoxdur. Şəhərlər arasında 146 milyarderlə Nyu-York liderlik edir.
Dünyanın ən zəngin adamı statusunu ABŞ-ın "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask qoruyub saxlayır; onun sərvəti 792 milyard dollar qiymətləndirilir. İkinci yerdə isə 300 milyard dollarla "Amazon" korporasiyasının təsisçisi Ceff Bezos qərarlaşıb.



