Bəhreynin milli enerji şirkəti "fors-major" elan etdi



Bəhreynə məxsus milli enerji şirkəti "Bahrain Petroleum Company" (BAPCO) qrup fəaliyyətlərində "fors-major" vəziyyəti elan edib.

AFN.az xəbər verir ki, Bəhreynin rəsmi agentliyi BNA-da yer alan məlumatda bu qərarın səhər saatlarında həyata keçirilən hücumdan sonra qəbul edildiyi bildirilib.

Xəbərdə qeyd olunub ki, İranın regionda davam edən hücumlarının yaratdığı mövcud şərait və qrupun neft emalı zavodunun bölmələrindən birini hədəf alan son zərbə nəticəsində əməliyyatlarda "fors-major" elan edilməsi zərurəti yaranıb. Şirkət yerli bazarın tələbatının əvvəlcədən hazırlanmış planlar çərçivəsində tam təmin edildiyini, tədarükün kəsilmədən davam etdirildiyini vurğulayıb.

BAPCO-nun tərəfdaşlarını və əlaqədar tərəfləri hadisələrin inkişafı barədə məlumatlandırmağa davam edəcəyi bildirilib. Qeyd edək ki, səhər saatlarında İranın Bəhreynə hücumu zamanı BAPCO obyektlərinin yerləşdiyi Meamir sənaye bölgəsindəki neft müəssisəsinin hədəf alındığı və orada yanğın baş verdiyi bildirilmişdi.

Xatırladaq ki, martın 5-də də İranın Bəhreynə təşkil etdiyi hava zərbələri zamanı milli neft şirkətinə məxsus bir obyektin vurulduğu xəbər verilmişdi. Hazırda dəyən ziyanın miqyası dəqiqləşdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu