Fransaya casusluqda ittiham olunan şəxslərə hökm oxundu
Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılacaq.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, ordunun komplektləşdirilməsi, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə gizli pul köçürülməsinin təşkili, eləcə də Azərbaycanın strateji tərəfdaşları ilə hərbi əməkdaşlıq planları barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

