Niderlandda dünyanın ən böyük zanbaq parklarından biri yeni mövsümə start verib
Niderlandın dünyaca məşhur çiçək parkı olan Kökenhofda yeni mövsümün rəsmi açılış mərasimi keçirilib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Lisse şəhəri yaxınlığında yerləşən parkın açılış tədbiri "Oranye-Nassau" pavilyonunda beynəlxalq qonaqların və gülçülük sənayesi nümayəndələrinin iştirakı ilə baş tutub. Mərasim zamanı qonaqları milli geyimli aktyorlar qarşılayıb və rəsmi hissədən əvvəl xüsusi fotosessiya təşkil olunub.
Tədbirdə çıxış edənlər gülçülük sənayesinin Niderland iqtisadiyyatı üçün daşıdığı mühüm əhəmiyyəti və Kökenhofun qlobal turizm brendi kimi rolunu xüsusi vurğulayıblar. Təşkilatçılar "Kökenhof qapılarını açanda bahar həqiqətən başlayır" şüarı ilə bu mövsümün həm hərfi, həm də məcazi mənada "hərəkət anı" olacağını qeyd ediblər. İki saat davam edən rəsmi qəbul kiçik bayram konserti ilə yekunlaşıb.
Milyonlarla zanbaq, nərgiz və digər bahar çiçəklərinin əkildiyi Kökenhof parkı ilin yalnız bir neçə həftəsi, yəni güllərin açdığı dövrdə ziyarətçilər üçün açıq olur. Niderland gülçülük sənayesinin əsas simvollarından biri hesab olunan park bu il Avropadakı iqtisadi və logistik çətinliklərə baxmayaraq, dünyanın hər yerindən yüz minlərlə turist cəlb etməyi hədəfləyir.


