İsrail Ben Qurion Hava Limanındakı uçuşlara məhdudiyyət qoyub



İranın raket zərbələri nəticəsində üç özəl təyyarənin zədələnməsindən sonra İsrail Tel-Əvivdəki Ben Qurion Hava Limanından həyata keçirilən uçuşlara qəbul edilən sərnişin sayını məhdudlaşdırmaq qərarına gəlib.

AFN.az xəbər verir ki, "Haaretz" qəzetinin yaydığı məlumata görə, Ben Quriondan ABŞ-a gedən təyyarələrə sərnişin qəbulu 50 faiz azaldılaraq 130 nəfərə endirilib. Avropaya uçan təyyarələrdə isə sərnişin sayı 120 nəfərlə məhdudlaşdırılıb. Qərarın İran tərəfindən atılan raketlər səbəbindən hava limanında park halında olan 3 özəl təyyarənin zərər görməsindən sonra qəbul edildiyi bildirilir.

İsrail Nəqliyyat Nazirliyi və Ordu Daxili Cəbhə Komandanlığının təhlükəsizlik qiymətləndirməsindən sonra tətbiq edilən bu məhdudiyyətlə bağlı ölkənin milli aviadaşıyıcısı "El-Al" da açıqlama yayıb. Şirkət ABŞ reyslərinə rezervasiya etmiş sərnişinlərin yarısının ləğv bildirişi alacağını bəyan edərək, ölkəni təcili tərk etmək istəyənlərə alternativ yollar axtarmağı tövsiyə edib.

"Israir""Arkia" kimi digər aviaşirkətlər də oxşar məhdudiyyətlər tətbiq ediblər. "Israir" martın 31-nə qədər olan uçuş proqramını ləğv edib, aprelin 30-na qədər olan bilet satışlarını isə dayandırıb.

Xatırladaq ki, Ben Qurion Hava Limanında park halındakı 3 özəl təyyarədən biri İran raketlərinin zərərsizləşdirilməsi zamanı düşən qəlpələr nəticəsində ağır zədələnərək yanıb, digər ikisi isə yüngül zədələr alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu