Estoniya hava məkanı pozuldu: Rusiya qırıcısına NATO reaksiyası



Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya məxsus döyüş təyyarəsinin ölkənin hava məkanını təxminən 1 dəqiqə ərzində pozduğunu bildirib.

AFN.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamaya görə, Rusiyanın "Su-30" tipli qırıcısı 18 martda Estoniya səmalarına daxil olub. Rusiya təyyarəsi Vaindloo adası yaxınlığında Estoniya hava məkanında qalıb. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, hava məkanının pozulmasına İtaliya Hərbi Hava Qüvvələrinə məxsus bölmə tərəfindən dərhal reaksiya verilib və təhlükəsizlik üçün təhdid yaranmayıb.

Nazir "NATO-nun Baltikyanı Hava Polisliyi missiyası 2004-cü ildən bəri Estoniyada fəaliyyət göstərir və biz bir daha bu missiyanın effektiv işlədiyinin şahidi olduq" deyə vurğulayıb. Estoniya Müdafiə Nazirliyi isə qırıcının uçuş planının olmadığını və hava hərəkəti idarəetmə xidmətləri ilə heç bir radio-rabitə əlaqəsi qurmadığını açıqlayıb.

Estoniyanın Baş naziri Kristen Mixal "X" sosial media platformasında paylaşım edərək Rusiyanın provokativ mövqeyinin dəyişmədiyini qeyd edərək, "NATO işləyir. Hava məkanımız hər zaman izlənilir, qorunur və müdafiə olunur" deyib.

Hadisə ilə əlaqədar Rusiyanın Tallindəki səfirliyinin müvəqqəti işlər vəkili nazirliyə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib. Qeyd edək ki, son illərdə Rusiya hərbi təyyarələri Baltikyanı ölkələrin hava məkanını dəfələrlə bənzər şəkildə pozub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu