6 ərəb ölkəsində fırtına və sel xəbərdarlığı edilib



Oman, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və Suriyada fırtına və sel xəbərdarlığı edilib, bəzi ölkələrdə isə təhsilə fasilə verilib.

AFN.az xəbər verir ki, Omanda ötən gündən bəri davam edən şiddətli yağışlar nəticəsində yaranan sellərdə həyatını itirənlərin sayı 7-yə yüksəlib.

"Times of Oman" xəbər saytının məlumatına görə, ölkənin müxtəlif bölgələrini təsiri altına alan qəfil sellər ilkin mərhələdə 6 nəfərin ölümünə səbəb olub. Oman Sultanlığının rəsmi xəbər agentliyi isə son olaraq ölkənin şimalındakı Musəndəm vilayətində sel sularına qapılan bir qadının da dünyasını dəyişdiyini açıqlayıb. Ölkənin cənubundakı Əl-Batinah vilayətinin Barka və Əl-Maavil bölgələrində 30-dan çox insan xilas edilib, ölənlər arasında bir uşağın da olduğu qeyd edilib.

Misir Təhsil Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar çərşənbə və cümə axşamı günləri məktəblərdə dərslərin dayandırıldığını bildirib. BƏƏ-də Milli Meteorologiya Mərkəzi tərəfindən başda Dubay olmaqla ölkə daxilində fırtına və toz buludu xəbərdarlığı edilib, əhaliyə çay yataqlarından və dəniz kənarından uzaq durmaq tövsiyə olunub.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi isə paytaxt Ər-Riyad və şərq bölgələrində gözlənilən leysan yağışları ilə bağlı xalqı ehtiyatlı olmağa çağırıb. İraq və Suriyada cümə axşamı və cümə günlərinədək davam edəcək qeyri-sabit hava kütləsinin təsirli olacağı gözlənilir. Xüsusilə şərq hissələrdə sel riski və sürəti saatda 80 kilometrə çatan güclü küləklə bağlı rəsmi xəbərdarlıqlar yayılıb.

İraqın cənubundakı Vasit və şimalındakı Kərkük vilayətlərində əlverişsiz hava şəraiti səbəbindən çərşənbə və cümə axşamı günləri təhsilə ara verilməsi qərara alınıb. Suriya Mülki Müdafiə İdarəsi də küləyin sürətinin saatda 80 kilometrə çatacağını bildirərək, sakinləri dənizdən, dərə və alçaq ərazilərdən uzaq durmağa, ağac və elektrik dirəklərinin altında dayanmamağa çağırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu