MAQATE: İran Buşehr Nüvə Enerji Stansiyası obyektlərinə daha bir raketin düşdüyünü bildirdi



Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın Buşehr Nüvə Enerji Stansiyası ərazisinə növbəti raketin düşdüyünü açıqlayıb.

AFN.az xəbər verir ki, qurumun "X" sosial media platformasındakı hesabından verilən bəyanatda rəsmi Tehranın bu gün stansiya obyektlərinə daha bir raketin düşdüyünü təsdiqlədiyi qeyd olunub.

İran tərəfinin açıqlamasına görə, hadisə zamanı stansiyaya hər hansı ciddi ziyan dəyməyib və personal arasında yaralanan olmayıb. Bəyanatda həmçinin MAQATE-nin rəhbəri Rafael Mariano Qrossinin fikirlərinə yer verilib. Qrossi hərbi münaqişə zamanı nüvə təhlükəsizliyi risklərinin qarşısını almaq üçün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb.

İran Atom Enerjisi Təşkilatı bu gün axşam saatlarında ABŞ və İsrailin Buşehr Nüvə Enerji Stansiyasına təşkil etdiyi hücumda stansiya sahəsinə raket düşdüyünü, lakin texniki zədələnmə və ya can itkisi yaşanmadığını bəyan etmişdi.

Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Buşehr Nüvə Enerji Stansiyası martın 17-də də hücuma məruz qalmış, həmin vaxt da itki qeydə alınmamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu