Maduro Nyu-Yorkda ikinci dəfə hakim qarşısına çıxarılıb



ABŞ-ın 3 yanvarda Venesuelada hərbi müdaxilə ilə saxladığı Dövlət Başçısı Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ikinci dəfə hakim qarşısına çıxıb.

AFN.az xəbər verir ki, Maduro və həyat yoldaşı səhər erkən saatlarda Nyu-Yorkun Bruklin bölgəsində saxlanıldıqları Metropoliten İstintaq Təcridxanasından götürülərək Manhettendəki məhkəməyə gətiriliblər.

Məhkəmə iclasında Maduronun Nyu-Yorkda həbs edilməsinə səbəb olan narkotik qaçaqmalçılığı işi üzrə hüquqi xərclərinin Venesuela hökuməti tərəfindən ödənilməsinə mane olacaq bir vəziyyətin olub-olmadığı müzakirə edilib. Maduro və həyat yoldaşının vəkilləri Venesuela hökumətinin sözügedən iş üçün göndərdiyi pulun istifadəsinə ABŞ hökuməti tərəfindən icazə verilməməsinin Maduronun konstitusion hüquqlarını pozduğunu müdafiə ediblər.

Prokurorluq tərəfi ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən Venesueladan gələn pulun bu mühakimə prosesində istifadə edilə bilməyəcəyini irəli sürdüyü halda, hakim Alvin Hellerşteyn Cənubi Amerika ölkəsi ilə ABŞ hökuməti arasında diplomatik münasibətlərin yenidən başladığını, bu səbəbdən Maduronun məhkəmə xərcləri üçün göndərilən vəsaitlərin sərbəst buraxılmalı olduğunu bildirib.

Hakim müzakirələrdən sonra hər hansı bir qərar açıqlamadan iclası yekunlaşdırıb və növbəti iclasın tarixi ilə bağlı daha sonra məlumat veriləcəyini bildirib. Məhkəmədən sonra Maduro və həyat yoldaşı konvoyun müşayiəti ilə yenidən Metropoliten İstintaq Təcridxanasına aparılıb.

Digər tərəfdən, iclas zamanı Maduro tərəfdarları ilə əleyhdarları arasında qarşılıqlı şüarlar səsləndirilib, baş verən qısa müddətli qarşıdurma isə Nyu-York polisi tərəfindən böyümədən qarşısı alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu