İndoneziyada 16 yaşından kiçik olanlara sosial media qadağan edilib



İndoneziyada 16 yaşdan aşağı şəxslərin sosial media hesabı açmasını əngəlləyən qayda qüvvəyə minib. 

AFN.az xəbər verir ki, Cakarta rəhbərliyi Cənub-Şərqi Asiyada bu təcrübəni tətbiq edən ilk ölkə olub. Avstraliyanın bənzər hüquqi tənzimləməsindən sonra İndoneziya da analoji addım atıb.

İndoneziyanın Rabitə və Rəqəmsal İşlər naziri Meutya Hafid hökumətin ölkədə fəaliyyət göstərən bütün rəqəmsal platformalara öz məhsul, xüsusiyyət və xidmətlərini dərhal mövcud qanunvericiliyə uyğunlaşdırmaq barədə göstəriş verdiyini açıqlayıb.

Qanunvericiliyə uyğunluq məsələsində heç bir güzəştə yol verilməyəcəyini vurğulayan Hafid, İndoneziyada fəaliyyət göstərən hər bir kommersiya qurumunun qanunlara tabe olmaq öhdəliyi daşıdığını ifadə edib. Bunun çətin bir proses olacağını qeyd edən nazir uşaqları xilas etmək üçün bu addımların sona qədər atılmalı olduğunu bildirib.

Qeyd edək ki, İndoneziya martın 6-da 16 yaşdan kiçiklərin sosial mediada hesab açmasını qadağan etmək qərarı almışdı. Mərhələli şəkildə həyata keçiriləcək tənzimləmə çərçivəsində YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi platformalara məhdudiyyət tətbiq olunacaq. Bu qərarın təxminən 70 milyon gəncə təsir edəcəyi gözlənilir.

Xatırladaq ki, Avstraliyada analoji qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu