Fransa Senatında sosial media qadağası təsdiqləndi
Fransa Parlamentinin yuxarı palatası olan Senatda 15 yaşından kiçik şəxslərə müəyyən şərtlər daxilində sosial media qadağası tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib.
AFN.az xəbər verir ki, Parisdəki Senatın Baş Assambleyasında müzakirə edilən layihə senatorların komissiya tərəfindən edilən dəyişikliklərə razılıq verməsi ilə qəbul olunub.
Qəbul edilən sənədə əsasən, gənclərin fiziki, əqli və mənəvi inkişafına mənfi təsir göstərə biləcək sosial media platformalarının xüsusi fərmanla 15 yaşından kiçiklərə qadağan edilməsi və həmin platformaların istifadəçilərin yaşını yoxlaması tələb olunur. Digər platformalar üçün isə 15 yaşından kiçiklərin daxil olması ən azı bir valideynin icazəsindən asılı vəziyyətə gətirilir.
Qanun layihəsinin mətni bundan sonra senator və deputatlardan ibarət qarışıq komissiyada müzakirə ediləcək. Fransada bir layihənin qanun qüvvəsi alması üçün Milli Məclis və Senatın eyni mətn üzərində razılaşması şərtdir. Qeyd edək ki, Milli Məclisdə yanvarın 26-da qəbul edilən variant Senatın qərarından fərqli olaraq, qadağanın bütün platformalara şamil edilməsini nəzərdə tuturdu.



