Krımda qəzaya uğrayan hərbi təyyarədəki 29 nəfər ölüb
Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasında "An-26" tipli ikimühərrikli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər ölüb.
AFN.az xəbər verir ki, Rusiyanın TASS agentliyinin ölkənin Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, ötən gün yarımadada planlı uçuş həyata keçirən təyyarə ilə əlaqə kəsilib.
Hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını tapdıqda göyərtədə olan 23 sərnişin və 6 heyət üzvünün hamısının həlak olduğunu müəyyən ediblər. İlkin ehtimallara görə, hərbi təyyarənin düşməsinə texniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırmalar davam edir. Qəzanın dəqiq səbəbləri mütəxəssislərin rəyindən sonra tam məlum olacaq.


