Kuba hökuməti 2010 məhbusu əfv etdi
Kuba hökuməti Müqəddəs Həftə qeyd etmələri çərçivəsində 2 min 10 məhbusun əfv edilməsini təsdiqlədiyini elan edib.
AFN.az xəbər verir ki, Kuba mətbuatında yer alan məlumata görə, hökumətdən verilən açıqlamada sözügedən qərarın Müqəddəs Həftə münasibətilə qəbul edildiyi bildirilib.
Açıqlamada bu qərarın məhbusların cəzaçəkmə müəssisəsində nümayiş etdirdikləri nümunəvi davranışlar və sağlamlıq vəziyyətləri nəzərə alınaraq verildiyi qeyd olunub. Əfv edilən şəxslər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, azadlığa buraxılma müddəti yaxınlaşanlar, xaricdə yaşayan əcnəbilər və Kuba vətəndaşları yer alır.
Vurğulanıb ki, əfv siyahısına cinsi zorakılıq, şiddət hadisələri, qəsdən adam öldürmə, narkotik vasitələrin dövriyyəsi və uşaq istismarı kimi ağır cinayətlərə görə məhkum olunanlar daxil edilməyib. Həmçinin xatırladılıb ki, Kuba hökuməti 2011-ci ildən bəri 11 mindən çox şəxsə əfv bəxş edib.
Qeyd edək ki, Müqəddəs Həftə xristianlıqda həzrəti İsanın bəşəriyyət üçün əzab çəkdiyinə inanılan həftəyə verilən addır.

