Yeni Zelandiya aviaşirkəti artan yanacaq qiymətlərinə görə uçuşların sayını azaldır
Yeni Zelandiyanın "Air New Zealand" aviaşirkəti ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin iqtisadiyyata və yanacaq qiymətlərinə təsiri səbəbindən uçuş sayını azaltmaq və bəzi bilet qiymətlərini artırmaq qərarına gəlib.
AFN.az xəbər verir ki, "Radio New Zealand"ın yaydığı məlumata görə, Yaxın Şərqdəki gərginliyin yanacaq bazarına mənfi təsirləri aviaşirkətin xidmət potensialında dəyişikliklərə yol açıb. Şirkətdən verilən açıqlamada bu dəyişikliklərin ümumi uçuşların 4 faizinə və sərnişinlərin 1 faizinə təsir edəcəyi, may və iyun aylarında bəzi reyslərin ləğv ediləcəyi bildirilib. Ölkədaxili uçuşların bu vəziyyətdən daha az təsirləndiyi, digər yerli şirkətlərin isə öz tutumlarını 10 faizdən çox azaltdığı qeyd olunub.
Yeni Zelandiya parlamentinin üzvü Tom Ruterford sosial media hesabında şirkətin may və iyun aylarında Oklendə 27, Vellinqtona isə 30 reysi azaldacağını paylaşaraq sərnişinləri məlumatlandırıb. "Air New Zealand" biletlərində dəyişiklik edilən sərnişinlərə, planları uyğun gəlmədiyi təqdirdə ödənişlərini geri almaq imkanı yaradacağını vurğulayıb. Eyni zamanda Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və Vyetnamda fəaliyyət göstərən aviaşirkətlərin də bənzər addımlar ata biləcəyinə dair siqnallar gəlməkdədir.

