NATO baş katibi: Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə kömək edə bilərik
Şimali Atlantika Alyansı (NATO) Hörmüz boğazı vasitəsilə azad gəmiçiliyin təmin olunmasına dəstək verə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Vaşinqtondakı Prezident Ronald Reyqan Fondu İnstitutunda çıxışı zamanı bəyan edib.
O qeyd edib ki, artıq 34 ölkədən ibarət koalisiya Hörmüz boğazından azad keçidi təmin etmək üçün tədbirlərin görülməsi imkanlarını müzakirə edir. "Hesab edirəm ki, bu, ilk addımdır. Əgər NATO kömək edə bilərsə, sözsüz ki, orada olacaq. Kömək etməmək üçün heç bir səbəb yoxdur. Əgər bu faydalı olacaqsa, mütləq bunu edəcəyik", — deyə Rütte bildirib.
Lakin Baş katib vurğulayıb ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir: "Düşünürəm ki, biz bunu addım-addım etməliyik. Çünki NATO-da bunun üçün bütün müttəfiqlər arasında razılaşmalar tələb olunur". Rütte əlavə edib ki, Alyansın bu məsələdə hər hansı rol oynaması beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edə bilər.
