OPEK+ "səkkizliyi" martda hasilatı kəskin azaldıb
OPEK+ sazişində iştirak edən ölkələr 2026-cı ilin mart ayında neft hasilatını sutkada 7,593 milyon barel azaldıblar. Beləliklə, könüllü ixtisarlar və kompensasiyalar da nəzərə alınmaqla, faktiki hasilat planlaşdırılan səviyyədən sutkada 7,519 milyon barel aşağı olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) son hesabatında yer alıb.
Razılaşmaya əsasən, mart ayında "səkkizlik" əvvəlki artıq hasilata görə kompensasiya öhdəliklərini artıraraq, fevral ayı ilə müqayisədə hasilatı sutkada 487 min barel azaltmalı idi. Lakin faktiki hasilat fevral ayına nisbətən 7,527 milyon barel/gün azalaraq 25,201 milyon barel/gün təşkil edib. Beləliklə, ümumi hasilat müəyyən edilmiş plandan sutkada 6,877 milyon barel az olub.
OPEK+ sazişinin aparıcı səkkiz ölkəsi arasında mart ayında müəyyən edilmiş kvotadan kənaraçıxmalar fərqli səviyyələrdə qeydə alınıb. Belə ki, hasilat göstəriciləri Səudiyyə Ərəbistanında plandan 2,304 milyon barel/gün az, İraqda 2,231 milyon barel/gün az, Küveytdə 1,367 milyon barel/gün az, BƏƏ-də 1,341 milyon barel/gün az, Rusiyada 407 min barel/gün az, Omanda isə plandan 12 min barel/gün az olub. Bir sıra Yaxın Şərq dövlətlərinin kvotadan kəskin şəkildə geri qalması regiondakı hərbi münaqişə ilə əlaqələndirilir. Eyni zamanda, Qazaxıstan hasilatı plandan sutkada 783 min barel, Əlcəzair isə 2 min barel artırıb.





