"Lufthansa"da pilotlardan sonra kabin heyəti də tətilə çıxır
Almaniya hava yolu şirkəti "Lufthansa"nın yaradılmasının 100-cü ildönümü tədbirlərinə hazırlaşdığı bir vaxtda, pilotların ardından kabin heyəti də 48 saatlıq tətil qərarı alıb.
AFN.az xəbər verir ki, Müstəqil Kabin Heyəti Təşkilatı (UFO) həmkarlar ittifaqından verilən açıqlamaya görə, ana brend "Lufthansa" və regional törəmə müəssisəsi "Cityline"da çalışan kabin işçiləri 15 aprel tarixində işi dayandıracaqlar.
İş şəraiti və maaş artımı ilə bağlı danışıqların nəticəsiz qalması səbəbindən qəbul edilən bu qərarın hava nəqliyyatında ciddi axsamalara yol açacağı gözlənilir. Tətil 15 aprel çərşənbə günü yerli vaxtla saat 00:01-də başlayacaq və 16 aprel cümə axşamı saat 23:59-da başa çatacaq. Aksiya nəticəsində xüsusilə Frankfurt və Münhen mərkəzli bütün uçuşların təsirə məruz qalacağı, həmçinin "Cityline" personalının Almaniya üzrə 9 hava limanında işi dayandıracağı bildirilib.
Tətil müddəti "Lufthansa"nın 100 illik rəsmi yubiley mərasimi ilə eyni vaxta təsadüf edir. UFO həmkarlar ittifaqı Almaniya Kansleri Fridrix Mersin də qatılacağı gözlənilən mərasim zamanı şirkətin baş ofisi qarşısında miting keçirəcəyini elan edib, "Vereinigung Cockpit" pilotlar ittifaqı isə öz üzvlərinə bu etiraza dəstək verməyə çağırıb.
Təşkilatın sədri Yoahim Vazkez Bürger rəhbərliyin siyasətçilərlə bayram etdiyi bir vaxtda işçilərin hansı ağır şərtlər altında çalışdığını nümayiş etdirəcəklərini vurğulayıb. Digər tərəfdən, "Lufthansa"nın İnsan Resursları direktoru Mixael Niggemann tətil qərarını tənqid edərək bunun sərnişinlərin narahatlığına səbəb olduğunu və şirkətin gələcəyini təhdid etdiyini bildirib. Bu hadisə son 10 ilin ən uzunmüddətli əmək mübahisəsi kimi qeydə alınıb və artıq Frankfurtda 570, Münhendə isə 720-yə yaxın uçuşun ləğv edilməsi on minlərlə sərnişinə təsir edib.



