Əlirza Şeyx: PUA istehsalı 12 günlük müharibədən sonra 10 dəfə artıb
İran Ordusunun icraçı müavini general-mayor Əlirza Şeyx ölkəsində pilotsuz uçuş aparatı (PUA) istehsalının 2025-ci ilin iyununda İsraillə yaşanan 12 günlük müharibədən sonra 10 dəfə artdığını bildirib.
AFN.az xəbər verir ki, İran dövlət televiziyasına müdafiə imkanları barədə açıqlama verən Şeyx, pilotsuz aparatların istehsalındakı bu sıçrayışın hərbi strateji ehtiyaclara görə reallaşdırıldığını vurğulayıb.
O, ABŞ və İsraillə baş verən son qarşıdurmada icra olunan əməliyyat planlarının hücumlar zamanı həlak olan keçmiş Baş Qərargah rəisi Əbdürrəhim Musəvi tərəfindən öncədən müəyyən edildiyini qeyd edib. Şeyx bu planların müvafiq hərbi hissələrə çatdırıldığını bildirərək, ordunun tam hazır vəziyyətdə olduğunu vurğulayıb.
General həmçinin əlavə edib ki, əgər ABŞ və İsrail bir daha İrana hücum edərsə, bu əvvəlcədən hazırlanmış strategiyalar çərçivəsində onlara lazımi cavab veriləcək. Şeyx xüsusilə yeni nəsil PUA-ların texniki göstəricilərinin daha da təkmilləşdirildiyini diqqətə çatdırıb.
Hazırda İranın müdafiə sənayesinin bütün gücü ilə fəaliyyət göstərdiyini deyən general, hərbi potensialın artırılmasının regiondakı strateji balans üçün önəmli olduğunu qeyd edib.

