Xalça Muzeyi ilə Mehdiyevin şirkəti arasında müəmmalı müqavilə
Azərbaycan Milli Xalça Muzeyi "Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayıb.
AFN.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, maliyyə dəyəri 29 500 manat olan müqavilənin məzmunu haqqında rəsmi məlumat açıqlanmayıb. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Şərq-Qərb" ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsinin bazasında yaradılıb və özəlləşdirildikdən sonra hazırkı adını alıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, ASC 2001-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 589 880 manatdır. Şirkətin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur.
Şirkətin Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, hazırda vətənə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyevin nəzarətində olduğu bildirilir. Mediada yer alan və təkzib olunmayan məlumatlara görə, şirkətin səhmlərinin 90 faizi Ramiz Mehdiyevin oğlu, keçmiş nazir müavini Timur Mehdiyevə məxsusdur.
Qeyd edək ki, Timur Mehdiyev uzun illər yüksək dövlət vəzifələrində çalışıb. O, 2004-2011-ci illərdə nazir müavini (Gənclər və İdman, Mədəniyyət və Turizm), daha sonra Dövlət Miqrasiya Xidmətinin rəis müavini və 2014-2025-ci illərdə fövqəladə hallar nazirinin müavini vəzifələrini tutub.


