ABŞ vətəndaşlarını təcili bu ölkəni tərk etməyə çağırdı
ABŞ hökuməti öz vətəndaşlarına Livanı tərk etmələri ilə bağlı çağırış edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Beyrutdakı səfirliyinin yaydığı rəsmi açıqlamada yer alıb. Çağırışa səbəb kimi Livanda təhlükəsizlik şəraitinin sürətlə dəyişməsini əsas gətirilib.
Səfirlik bölgədəki vəziyyətin mürəkkəb olaraq qaldığını və yaxın gələcəkdə daha da pisləşə biləcəyini vurğulayaraq, amerikalılara kommersiya uçuşları davam etdiyi müddətcə Livanı tərk etməyi məsləhət görüb. Ölkədən çıxmayan vətəndaşlara isə fövqəladə vəziyyətlərə hazır olmaq və hadisələrin gedişatını yaxından izləmək tövsiyə edilib.
Qeyd edək ki, bu xəbərdarlıq regionda artan gərginlik fonunda verilib. Mart ayının əvvəlindən etibarən İsrail ordusunun Livanın cənub hissəsinə təşkil etdiyi intensiv hava zərbələri və bəzi əraziləri nəzarətə götürməsi nəticəsində bir milyondan çox insan didərgin düşüb.
Baxmayaraq ki, aprelin 17-də tərəflər arasında 10 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub, qarşıdurmalar hələ də davam etməkdədir. İsrail Baş naziri Benyamin Netanyahu atəşkəsə sadiq qalsalar da, hərbi əməliyyatların tam dayandırılmayacağını bildirib, “Hizbullah” isə öz növbəsində atəşkəs pozuntularına qarşı cavab tədbirləri gördüyünü elan edib.
