Trampın sabiq müşavirinə gizli izləmə işi üzrə 1,25 milyon dollar ödəniləcək
ABŞ Ədliyyə Nazirliyi, 2016-cı il seçkilərində Donald Trampın seçki qərargahının müşaviri olmuş Karter Peyclə bağlı gizli izləmə işi üzrə barışıq sazişi bağlayıb.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, nazirlik Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası çərçivəsində əsassız izlənilən siyasi məsləhətçiyə 1,25 milyon dollar təzminat ödəyəcək.
Peyc 2020-ci ildə məhkəməyə müraciət edərək, FTB və Ədliyyə Nazirliyinin onu izləmək üçün heç bir hüquqi əsasının olmadığını bildirmişdi. 22 aprel tarixində ABŞ administrasiyası Ali Məhkəməyə müraciət edərək tərəflər arasında razılığın əldə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, 2019-cu ildə xüsusi prokuror Robert Müllerin hazırladığı yekun hesabatda Tramp və Rusiya arasında hər hansı gizli sövdələşmənin olduğu faktı aşkar edilməmişdi.


