Çin Ayda iki yeni mineral kəşf etdi
Çinli alimlərin Aydan toplanmış nümunələrdə əvvəllər məlum olmayan iki yeni mineralın mövcudluğunu kəşf etdikləri bildirilib.
AFN.az xəbər verir ki, "Global Times" qəzetinin məlumatına görə, mineralların kəşfi Siçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Günü açılış mərasimində elan edilib.
"Chang'e-5" kosmik gəmisi tərəfindən toplanan qaya və torpaq nümunələrində tapılan fosfat minerallarına "magnesiochangsite-(Y)" və "changsite-(Ce)" adları verilib.
Nadir torpaq fosfatı kateqoriyasına aid olan bu minerallar Beynəlxalq Mineralogiya Assosiasiyasının Yeni Minerallar, Nomenklatura və Təsnifat Komissiyası tərəfindən təsnif edilərək təsdiqlənib.
Bu tapıntılar Çinin Aydan topladığı qaya və torpaq nümunələrində kəşf etdiyi ikinci və üçüncü minerallar kimi qeydə alınıb.
Çinli alimlər daha əvvəl, 2022-ci ilin sentyabrında Ay nümunələrində "changsite-(Y)" adlandırdıqları ilk fosfat mineralını kəşf etdiklərini bildirmişdilər.
Yeni kəşflərlə bu günə qədər Ayda tapılan mineralların sayı 8-ə yüksəlib.
Çindən əvvəl ABŞ və Rusiya Ay səthindən nümunələr toplayaraq mineral kəşflərinə öncülük etmişdilər.
Qeyd edək ki, Çin Ay səthindən qaya və torpaq nümunələri toplamaq məqsədilə ilk "Chang'e-5" missiyasını 2020-ci ilin noyabrında göndərmiş, aparat topladığı 1,73 kiloqram nümunə ilə həmin ilin dekabrında Yerə qayıtmışdı.

