Pentaqondan İran müharibəsinin xərcləri: 60 gündə 25 milyard dollar
ABŞ Müdafiə Nazirliyi İranla davam edən müharibəyə dair ilk genişmiqyaslı hesabatı ictimaiyyətə təqdim edib.
AFN.az xəbər verir ki, iki ayı ötən müddət ərzində hərbi xərclərin 25 milyard dollara çatdığını açıqlayan Pentaqon rəsmiləri bu məbləğin böyük hissəsinin sursat sərfi və texniki təchizatın saxlanılmasına yönəldiyini bildiriblər.
Pentaqonun xəzinadar vəkili Culs Herst Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində etdiyi çıxışda xərclərin əsas mənbəyinin intensiv sursat istifadəsi, operativ xərclər və sıradan çıxmış avadanlıqların yenilənməsi olduğunu qeyd edib.
Müharibənin hələ ilk altı günündə 11,3 milyard dollar xərcləndiyini xatırladan rəsmilər, qarşıdurmanın iqtisadi miqyası dəqiqləşdikcə Ağ Ev vasitəsilə Konqresdən əlavə büdcə tələb olunacağını ifadə ediblər.
Digər tərəfdən, müharibənin maliyyə yükü təkcə hərbi sahə ilə məhdudlaşmır. Hörmüz boğazının bağlı qalması səbəbindən qlobal miqyasda artan yanacaq qiymətləri mülki iqtisadiyyata da birbaşa təsir göstərməkdədir.
Siyasi cəbhədə isə Prezident Donald Tramp enerji sektoru nümayəndələri ilə bir araya gələrək İran limanlarına tətbiq edilən blokadanın amerikalı istehlakçılar üzərindəki mənfi təsirlərini yüngülləşdirmə yollarını müzakirə edib.
Tramp danışıqların dalana dirənməsi fonunda İrana qarşı sərt xəbərdarlıqlarını təkrarlayarkən, müdafiə ekspertləri bölgədəki ABŞ hərbi bazalarının və texnikasının rəsmən açıqlanandan daha ağır zərər gördüyünü, bunun da milyardlarla dollarlıq əlavə təmir xərci yaradacağını proqnozlaşdırırlar.
Müharibənin bu həftə 60 günlük müddəti geridə qoyması ABŞ qanunlarına görə hərbi güc tətbiqi üçün Konqresin təsdiqini zəruri edərək prosesi kritik həddə çatdırır.
