ABŞ Hörmüz boğazında qalan gəmiləri birbaşa müşayiət etməyəcək
ABŞ-ın Hörmüz boğazında qalan neytral ölkələrə məxsus gəmilərin keçidinə kömək edəcəyi ilə bağlı bəyanatından sonra, Amerika donanmasının bu gəmiləri birbaşa müşayiət etmək əvəzinə, onların yaxınlığında hərəkət edəcəyi və məlumat dəstəyi verəcəyi iddia edilib.
AFN.az xəbər verir ki, "Axios" platformasının yaydığı məlumatda ABŞ Prezidenti Donald Trampın regional müharibə səbəbindən gəmi hərəkətinin kəskin azaldığı Hörmüz boğazı ilə bağlı elan etdiyi "Azadlıq Layihəsi"nin təfərrüatları əks olunub.
İki amerikalı rəsmi açıqlamasında bu layihənin ABŞ Hərbi Dəniz Qüvvələrinin ticarət gəmilərini birbaşa müşayiət etməsini nəzərdə tutmadığını bildirib. Rəsmilərdən biri qeyd edib ki, ABŞ donanması İran tərəfindən gələ biləcək mümkün hücumun qarşısını almaq üçün həmin gəmilərin sadəcə yaxınlığında mövqe tutacaq.
Eyni zamanda, hərbi gəmilərin ticarət gəmilərinə boğazdakı ən təhlükəsiz və İran ordusu tərəfindən mina düzülməmiş naviqasiya marşrutları haqqında məlumat verəcəyi ifadə edilib. Qeyd edək ki, Prezident Donald Tramp 4 may tarixindən etibarən Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan ölkələrin gəmilərini boğazdan təhlükəsiz çıxarmaq üçün humanitar xarakterli "Azadlıq Layihəsi"nə başladıqlarını elan etmişdi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu prosesə 15 min hərbi personal, 100-dən çox texnika və raket esminesləri ilə dəstək verəcəyini açıqlayıb.
