SpaceX raketi Aya çırpılmaq üzrədir
Yer kürəsinin ən yaxın qonşusu olan Ay bu ilin sonlarına doğru insan tərəfindən hazırlanmış bir cismin yüksək sürətli toqquşmasına səhnə olacaq.
AFN.az xəbər verir ki, müstəqil astronom Bill Qreynin analizinə görə, SpaceX şirkətinə məxsus Falcon 9 raketinin yuxarı hissəsi 5 avqust 2026-cı ildə Ayın səthinə çırpılacaq.
Yerə yaxın kosmik obyektləri izləmək üçün istifadə olunan Project Pluto proqramının yaradıcısı olan Qrey toqquşmanın Bakı vaxtı ilə səhər saatlarında baş verəcəyini proqnozlaşdırır. Təxminən beşmərtəbəli bina hündürlüyündə olan raket hissəsinin səs sürətindən yeddi dəfə daha yüksək sürətlə Ayın görünən və qaranlıq tərəfi arasındakı sərhəddə yerləşən Eynşteyn kraterinin yaxınlığına düşəcəyi gözlənilir.
2025-ci ilin yanvarında buraxılan və Aya eniş aparatları daşıyan “2025-010D” missiyasına aid bu raket mərhələsi buraxılışdan sonra kosmosda boş vəziyyətdə qalmışdı. Astronom Bill Qrey qeyd edir ki, kosmik tullantıların hərəkəti adətən əvvəlcədən proqnozlaşdırıla bilir. Lakin Günəş radiasiyasının təzyiqi kimi kiçik xarici təsirlər zaman keçdikcə bu trayektoriyalarda müəyyən qeyri-müəyyənlik yarada bilər.
Bu hadisə Ayın Yer mənşəli obyektlə ilk toqquşması deyil. 1970-ci illərdə “Apollo” modulları, 2009-nu ildə isə NASA-nın LCROSS zondu elmi məlumat toplamaq məqsədilə Ay səthinə çırpılmışdı. Sonuncu dəfə 2022-ci ildə Çinə məxsus olduğu ehtimal edilən raket hissəsi Ayın uzaq tərəfində ikiqat krater əmələ gətirmişdi.
SpaceX raketinin səbəb olacağı toqquşmanın Yer kürəsindən çılpaq gözlə görünməsi gözlənilmir. Lakin NASA-nın Ay Orbital Kəşfiyyat Aparatının (LRO) toqquşmadan sonra yaranacaq yeni krateri görüntüləməsi planlaşdırılır. Mütəxəssislər artan kosmik hərəkətlilik və yığılan kosmik tullantıların gələcək Ay missiyaları üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

