İran: Rusiya və Çin Hörmüz boğazında xüsusi şərtlərdən yararlanacaq
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Rusiya ilə Çinin Hörmüz boğazından keçid məsələsində xüsusi status alacağını və əlverişli şərtlərdən faydalanacağını bildirib.
AFN.az xəbər verir ki, Rusiyanın RİA xəbər agentliyinə müsahibə verən Əzizi strateji su yolundakı cari vəziyyətlə bağlı mühüm bəyanatlarla çıxış edib.
Boğazın İran üçün xüsusi geosiyasi əhəmiyyətə malik olduğunu qeyd edən komissiya sədri Hörmüz boğazının ölkəsinin ərazi sularının və coğrafiyasının ayrılmaz bir hissəsi olduğunu, bu səbəbdən Tehranın boğazla bağlı uyğun gördüyü hər hansı bir qərarı qəbul etmək hüququna sahib olduğunu və heç kimin bu hüququ sorğulaya bilməyəcəyini vurğulayıb.
Rusiya ilə Çinin hər zaman İranı dəstəklədiyini xatırladan rəsmi şəxs Çin və Rusiya da daxil olmaqla ölkəsi üçün strateji tərəfdaş sayılan dövlətlərin Hörmüz boğazı mövzusunda imtiyazlı rəftar görəcəklərini və əlverişli şərtlərdən istifadə etməyə davam edəcəklərini diqqətə çatdırıb.
Əzizi həmçinin zənginləşdirilmiş uranın İrandan çıxarılması məsələsinin ABŞ ilə aparılan mövcud danışıqlarda müzakirə predmeti olmadığını da sözlərinə əlavə edib.
