Asteroid 300 ton TNT gücü ilə partladı
ABŞ-ın şimal-şərq səmaları üzərində şənbə günü Yerə doğru hərəkət edən Asteroid partlayıb.
AFN.az xəbər verir ki, NASA tərəfindən verilən bəyanatda partlayışın bölgədə şiddətli səs dalğalarına yol açdığı və təxminən 300 ton TNT gücündə bir enerji buraxdığı açıqlanıb.
NASA-nın mətbuat rəhbərinin müavini Cennifer Duren AFP-yə verdiyi açıqlamada alov topunun yerli vaxtla saat 14:06-da Massaçusetsin şimal-şərqi ilə Nyu-Hempşirin cənub-şərq səmaları üzərində parçalandığını bildirib.
Duren bu alov topunun hazırda aktiv olan hər hansı bir meteor ilə əlaqəli olmadığını, tamamilə təbii bir kosmik cisim olduğunu, kosmik tullantı və ya bir peykin kosmosa daxil olmasından söhbət getmədiyini qeyd edib.
O, parçalanma zamanı ortaya çıxan enerjinin təxminən 300 ton TNT-yə bərabər olduğunun təxmin edildiyini və bunun da eşidilən şiddətli partlayış səslərini izah etdiyini ifadə edib.
Asteroidin atmosferə daxil olarkən saatda 120 min kilometrdən çox sürətlə hərəkət etdiyini qeyd edən Duren partlayışın təxminən 64 kilometr yüksəklikdə baş verdiyini bildirib.
Bölgə sakinləri qəfil meydana gələn şiddətli səslər səbəbindən təşvişə düşərkən, sosial media istifadəçiləri partlayışın evləri sarsıdacaq dərəcədə güclü olduğunu qeyd ediblər.
Baş verən bu hadisə 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri üzərində partlayan asteroidi xatırladıb.
NASA məlumatlarına görə, həmin vaxt bir ev böyüklüyündə olan asteroid yerin 22 kilometr üzərində parçalanmış və təxminən 440 min ton TNT gücündə nəhəng bir enerji ortaya çıxarmışdı.
Rusiyadakı həmin partlayış 518 kvadratkilometrlik ərazidə pəncərələrin sınmasına səbəb olmuş və əksəriyyəti şüşə qırıqları ucbatından olmaqla 1600-dən çox insanın yaralanmasına yol açmışdı.



