ABŞ kəşfiyyat orqanları arasında səlahiyyət davası: MKİ bəzi hesabatları hazırlamaqdan imtina edib


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə ölkənin baş kəşfiyyatçısının ofisi arasında kəşfiyyat məlumatlarının mübadiləsi və səlahiyyətlərin bölünməsi məsələsində yaranan ciddi fikir ayrılıqları fonunda, MKİ bəzi strateji hesabatların, o cümlədən İrandakı müharibə ilə bağlı materialların hazırlanmasında iştirakını dayandırıb.

AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, MKİ və Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) arasındakı daxili ixtilaflar artıq bir ildən çoxdur davam edir. Bu vəziyyət ABŞ prezidentlərinin mürəkkəb beynəlxalq böhranlar zamanı qərar qəbul edərkən ənənəvi olaraq əsaslandıqları milli təhlükəsizlik üzrə birgə analitik materialların hazırlanması prosesini iflic edib.

Mənbələrin bildirdiyinə görə, münaqişənin mərkəzində milli kəşfiyyat direktoru Tulsi Qabbard tərəfindən 2025-ci ilin aprelində yaradılmış xüsusi işçi qrupu dayanır.

Con Retkliffin rəhbərlik etdiyi MKİ iddia edir ki, "Direktorun Təşəbbüsləri Qrupu" adlanan bu struktur lazımi ehtiyat nümayiş etdirmir, məlumatların mübadiləsi və məxfiliyin götürülməsi üzrə müəyyən edilmiş rəsmi prosedurlardan yan keçir. ODNI isə öz növbəsində MKİ-ni həmin qrupun kəşfiyyat məlumatlarına çıxışını sistemli şəkildə məhdudlaşdırmaqda ittiham edir.

Qeyd edək ki, Tulsi Qabbard keçən həftə həyat yoldaşının xəstəliyini əsas gətirərək iyunun 30-da milli kəşfiyyat direktoru vəzifəsindən gedəcəyini bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə Federal Mənzil Maliyyəşdirmə Agentliyinin rəhbəri Bill Pulteni milli kəşfiyyat direktorunun səlahiyyətlərini icra edən təyin etdiyini açıqlayıb.

ODNI rəsmisi Oliviya Koulman məsələyə münasibət bildirərkən qeyd edib ki, prezident və qərar qəbul edən digər şəxslər hələ də ən yüksək keyfiyyətli kəşfiyyat məlumatları və analizləri almaqda davam edirlər, həmçinin ODNI ilə MKİ arasında gündəlik işgüzar təmaslar qorunur. O, sözügedən işçi qrupunun ODNI-nin səlahiyyətləri çərçivəsində və prezident fərmanlarına dəstək məqsədilə fəaliyyət göstərdiyini vurğulayıb.

MKİ-dən verilən bəyanatda isə qeyd olunub ki, agentlik direktor C.Retkliffin rəhbərliyi altında fəaliyyətini sürətlə Prezident Trampın prioritetlərinə uyğunlaşdırıb və ABŞ-ın rəqiblərinə qarşı işdə daha "aqressiv və çevik" mövqe nümayiş etdirməyə başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu