"Avropa üçlüyü" G7 sammitində Ukrayna ilə bağlı ABŞ-ın dəstəyini qazanmaq istəyir
"Avropa üçlüyü"nün (E3 – Böyük Britaniya, Almaniya və Fransa) liderləri gələn həftə Fransada keçiriləcək Böyük Yeddilik (G7) sammitində ABŞ Prezidenti Donald Trampla bir sıra görüşlər keçirməyi planlaşdırır. Görüşlərin əsas məqsədi Rusiya və Ukrayna arasında sülh danışıqlarının irəlilədilməsinə dair planların icrasında Vaşinqtonun dəstəyini qazanmaqdır.
AFN.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, London, Berlin və Paris Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin formalaşdırılmasında Avropanın rolunu gücləndirməyə çalışırlar. E3-ün təkliflər paketinə cari cəbhə xətti qorunmaqla dərhal atəşkəsin elan olunması və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarının verilməsi daxildir. "Avropa üçlüyü" rəhbərliyi hesab edir ki, Vaşinqtonun diqqətini Tehranla münaqişəyə yönəltməsi səbəbindən ABŞ-ın rəhbərlik etdiyi Ukrayna danışıqları çıxılmaza düşüb.
