Kiçik ada ölkəsi Nauru adını dəyişir
Dünyanın ən kiçik respublikası Nauru müstəmləkə keçmişindən uzaqlaşmaq və yerli kimliyini qorumaq məqsədilə rəsmi adını "Naoero" olaraq dəyişməyə hazırlaşır.
AFN.az xəbər verir ki, Nauru hökuməti adın dəyişdirilməsi qərarında Türkiyəni nümunə göstərib.
Mikroneziya ada ölkəsinin Prezidenti Devid Adeanq parlamentdəki çıxışında bu dəyişikliyin millətin irsinə, dilinə və kimliyinə daha sadiq bir hörmət ifadəsi olduğunu bildirib.
Parlament tərəfindən etirazsız qəbul edilən təklif təxminən 13 min nəfər əhalisi olan adada rəsmiləşməsi üçün ümumxalq səsverməsinə təqdim olunacaq.
Hökumətdən verilən məlumatda "Naoero" ifadəsinin nauruluların öz dillərindəki qarşılığı olduğu, hazırkı "Nauru" adının isə keçmişdə əcnəbilərin yerli tələffüzdə çətinlik çəkməsi səbəbindən asanlıq üçün seçildiyi qeyd edilib.
Sakit okeanda, Avstraliyanın təxminən 3 min kilometr şimal-şərqində yerləşən 21 kvadratkilometrlik ada tarix boyu bir çox ad dəyişikliyinə məruz qalıb.
1798-ci ildə adanı görən ingilis dənizçi bölgənin gözəlliyindən təsirlənərək bura "Pleasant Island" (Gözəl Ada) adını verib. 1888-ci ildə Almaniyanın adanı ilhaq etməsindən sonra ərazi rəsmi qeydiyyatlara "Nauru" olaraq düşüb.
1919-cu ildə Millətlər Liqasının mandatı altında idarəçiliyi təhvil alan Avstraliya da bu yazılışı qoruyub və bu ad adanın 1968-ci ildəki müstəqilliyindən sonra da istifadə edilməyə davam edib.
Ekspertlər coğrafi adların dəyişdirilməsinin sadəcə bir yazı məsələsi olmadığını, müstəmləkəçi güclərin yerli xalqların varlığını silmək üçün adlardan bir vasitə kimi istifadə etdiyini qeyd edirlər.
Nauru hökuməti adın dəyişdirilməsi qərarında Türkiyə və Esvatini (Svati xalqının torpağı/keçmiş Svazilend) kimi öz dillərini və yerli kimliklərini əks etdirmək məqsədilə rəsmi adını dəyişən ölkələri nümunə göstərib.
UNESCO Nauru dilini rəsmi olaraq ciddi dərəcədə təhlükə altında olan dillər kateqoriyasına daxil edir. Yerli əhali bu dili öz aralarında danışsa da, məktəblərdə bu dildə təhsil verilmir.
Adın "Naoero" olaraq dəyişdirilməsinin dilin gələcək nəsillərə ötürülməsi və mədəni varlığın davamlılığının təmin edilməsi baxımından mühüm rol oynayacağı proqnozlaşdırılır.
Rəsmi səsvermə prosesi hələ başa çatmasa da, ölkədə poçt xidməti, milli səhiyyə strukturları və dövlət qurumları artıq "Naoero" adını istifadə etməyə başlayıb.
Avstraliya Ali Komissarlığı da ictimaiyyəti məlumatlandırma bəyanatlarında hər iki adı birlikdə işlədir.

