Hind okeanında indiyə qədərki ən dərin və ən geniş balina qəbiristanlığı kəşf edilib



Hind okeanının cənub-şərqində aparılan araşdırmada 5 milyon ildən daha qədim fosillərin yer aldığı, dünyanın ən dərin və ən geniş balina qəbiristanlığı aşkarlanıb.

AFN.az xəbər verir ki, İtaliya, Çin və Yeni Zelandiyadan olan alimlər sualtı qayıq vasitəsilə Hind okeanının cənub-şərqindəki novlardan və dağlardan ibarət Diamantina bölgəsində tədqiqat aparıblar.

Tədqiqatçılar 2023-cü ildə okean dibinə etdikləri 32 dalış zamanı 485 balina fosil sahəsi və yüksək dərəcədə parçalanmış 5 yeni balina cəsədi təsbit ediblər.

Tapıntılar dəniz səviyyəsindən təxminən 7 min metr dərində yerləşir ki, bu vaxta qədər kəşf edilən balina cəsədlərinin böyük hissəsi 4 kilometrdən daha dayaz sularda tapılmışdı.

Alimlər şimal-qərb və cənub-şərq istiqamətində təxminən 1200 kilometr boyunca uzanan bu geniş ərazinin əvvəllər müəyyən edilməmiş bir "balina cəsədlərinin super dəhlizi" formalaşdıra biləcəyini ehtimal edirlər.

Tədqiqat zamanı təxminən 5,3 milyon il əvvələ aid olan və nəsli kəsilmiş dimdikburunlu balina növünə (Pterocetus benguelae) məxsus daşlaşmış kəllə sümüyü ilə yanaşı, elm dünyasına yeni təqdim edilən "Pterocetus diamantinae" növünə aid başqa bir kəllə sümüyü də tapılıb.

Mütəxəssislər çürüməkdə olan balina qalıqlarında xərçəngkimilər, mollyuskalar, sümüklə bəslənən qurdlar və dəniz ulduzları kimi çox sayda canlı növünə rast gəliblər.

Araşdırmanın müəlliflərindən biri, İtaliyanın Piza Universitetinin əməkdaşı dr. Covanni Bianuççi verdiyi açıqlamada bu kəşfin işığın olmadığı və təzyiqin olduqca yüksək olduğu dərin dəniz mühitlərinə canlıların necə uyğunlaşa bildiyini göstərdiyini ifadə edib.

Tədqiqatın nəticələri məşhur "Nature" jurnalında dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu