Tramp: İran ilə çox güclü bir saziş imzaladıq, bəyənməsəm bombalayaram
Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Tramp birgə mətbuat konfransı keçiriblər. Görüşdə çıxış edən Tramp İran ilə əldə olunmuş razılaşmaya və qlobal iqtisadi göstəricilərə dair bəyanatlar səsləndirib. Tramp, "Bu bir anlaşma memorandumudur, bəyənməsəm bomba atmağa davam edə bilərəm", - deyə bildirib.
AFN.az xəbər verir ki, İran ilə çox güclü bir sazişin imzalandığını qeyd edən Tramp, məzmunu hələlik ictimaiyyətə açıqlanmayan bu razılaşma sayəsində İranın 99,9 faiz ehtimalla nüvə silahına sahib ola bilməyəcəyini ifadə edib.
Tramp bu sazişin əldə olunmayacağı təqdirdə Hörmüz boğazının açılmayacağını da sözlərinə əlavə edib. İqtisadi proseslərə də toxunan Tramp neft qiymətlərinin böhrandan əvvəlki səviyyələrə yaxınlaşdığını və qiymətləri böyük ölçüdə aşağı saldıqlarını qeyd edib. Tramp birjanın da normal məcrasına qayıtmağa başladığını vurğulayıb.
Bu prosesin Klinton, Obama, Bayden və Buş dövrlərində tamamlanmalı olduğunu deyən Tramp "İllərlə sizi qarət etdilər" deyərək keçmiş administrasiyaları tənqid edib. 47 ildir edilməsi vacib olan addımları özlərinin atdığını müdafiə edən Tramp İranın donanmasını və ordusunu sıradan çıxardıqlarını irəli sürüb.
Bölgədən 22 gəmi çıxardıqlarını və hər gecə bu qədər gəminin keçid etdiyini qeyd edən Tramp "Bunu etdiyimiz üçün neftin qiyməti 300 dollara çatmadı" deyib. İranla bağlı investisiyalar haqqında da danışan Tramp "Siz də istəyirsinizsə investisiya qoya bilərsiniz, lakin biz 10 sent belə vermirik, kimsəyə İrana investisiya qoymayın da demirik" ifadələrini işlədib. Tramp ABŞ-nin İrana 350 milyard dollar investisiya yatıracağı ilə bağlı iddiaların isə təhrif olunmuş xəbərlərdən ibarət olduğunu vurğulayıb.
