Qəzzada atəşkəs başlayandan bəri ölənlərin sayı 1000 nəfəri ötüb
Qəzza sektorunda atəşkəs rejiminin elan olunmasına baxmayaraq, İsrail ordusunun hərəkətləri nəticəsində həlak olan fələstinlilərin sayı 1007-yə çatıb.
AFN.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, atəşkəs dövründə İsrailin atəşə tutması nəticəsində Qəzzanın 3165 sakini müxtəlif dərəcəli xəsarətlər alıb. Son üç gün ərzində isə 9 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb. Nazirliyin iddiasına görə, 2023-cü ilin oktyabrından bəri münaqişənin qurbanlarının ümumi sayı 73018-ə yüksəlib, 173 mindən çox fələstinli isə zərər çəkib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim olunmuş sülh planının birinci mərhələsinin icrasına dair razılığa gəliblər və ertəsi gün atəşkəs qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail qoşunları sektor ərazisinin 50%-dən çoxunu nəzarətdə saxlamaqla "sarı xətt"ə geri çəkilib.

