Robin Qudun əfsanəvi sığınacağı olan çoxəsrlik palıd ağacı quruyub



İngiltərənin məşhur Şervud meşəsində yerləşən və xalq əfsanələrində Robin Qud ilə adamlarının gizlənmə yeri kimi tanınan 1200 illik nəhəng palıd ağacı quruyub.

AFN.az xəbər verir ki, Nottingham şəhəri yaxınlığındakı Şervud meşəsinin ən mühüm rəmzi olan və "Major Oak" (Böyük Palıd) adlandırılan tarixi ağac həyat mübarizəsini uduzub.

Kral Quşları Qoruma Cəmiyyəti tərəfindən edilən açıqlamada təxminən 1200 yaşında olduğu ehtimal edilən nəhəng palıdın bu bahar tək bir yeni yarpaq belə vermədiyi və elm adamları tərəfindən artıq öldüyünün qəbul edildiyi bildirilib.

İngiltərənin ən böyük ağaclarından biri olan tarixi palıd 28 metrlik budaq yayılması və 11 metrlik gövdə genişliyi ilə əsrlər boyu təbiətsevərlərin diqqət mərkəzində idi.

Ekspertlər tarixi ağacın ölümündə son illərdə təsirini artıran iqlim böhranının və həddindən artıq ziyarətçi sıxlığının böyük rol oynadığını qeyd edirlər.

Ağacı uzun müddətdir müşahidə edən mütəxəssislər xüsusilə Birləşmiş Krallıq miqyasında 40 dərəcə ilə temperatur rekordunun qırıldığı 2022-ci il və sonrakı quraq yay mövsümlərinin palıdı tamamilə zəiflətdiyinə diqqət çəkirlər.

Bundan əlavə, əfsanəni yerində görmək istəyən milyonlarla turistin ağacın ətrafında yaratdığı sıxlığın köklərin yerləşdiyi torpağı beton kimi sərtləşdirərək ağacın qidalanmasını əngəllədiyi ifadə edilir.

Varlılardan oğurlayıb kasıblara paylayan xalq qəhrəmanı Robin Qudun hekayələri ilə eyniləşən ağac əslində tarixi qeydlərdə birbaşa yer almır.

Tarixçilər 14-cü əsrə qədər uzanan ilk Robin Qud nağıllarında bu palıddan açıq şəkildə bəhs edilmədiyini, lakin o dövrdə qanun qaçaqlarının görüş ağacı adı verilən böyük ağacların altında bir araya gəldiyini vurğulayırlar.

Qulaqdan qulağa yayılan bu hekayələr zamanla "Major Oak"u əfsanənin tam mərkəzinə yerləşdirib və ağac ədəbiyyatdan kino əsərlərinə qədər bir çox yaradıcı işə ilham verib.

Həyatını itirmiş olsa da, bu nəhəng palıd əsrlərdir kök saldığı meşədəki yerindən götürülməyəcək.

Səlahiyyətlilər ağacın təbii bir abidə kimi Şervud meşəsinin qəlbində nümayiş olunmağa davam edəcəyini və canlı olduğu vaxtlardakı kimi quruduqdan sonra da meşə ekosisteminə xidmət etməyi sürdürəcəyini vurğulayırlar.

Gərəkli qulluq işləri ilə gövdəsi dəstəklənən tarixi palıdın bu halı ilə belə onlarla, hətta yüzlərlə il boyunca ayaqda qala biləcəyi proqnozlaşdırılır.

Həmçinin keçmiş illərdə bu ağacdan alınan qozalar və qələmlərdən yetişdirilən tinglər dünyanın dörd bir tərəfində yaşadılmağa davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu