Elm dünyasında bir ilk: Dünya nüvəsi Yaponiyanı yerindən oynatdı
2011-ci ildəki Toqoku zəlzələsində yerin dərinliklərinə enib geri qayıdan seysmik dalğanın kilitlənmiş plitələri tətikləyərək Yaponiyanı daimi olaraq şərqə doğru itələdiyi kəşf edilib.
AFN.az xəbər verir ki, Toqoku zəlzələsi Sakit okean plitəsinin şimali Yaponiyanı daşıyan plitənin altına qəfil sürüşməsi ilə tarixin ən güclü seysmik sarsıntılarından birini yaratmışdı.
Çikaqo Universitetinin seysmoloqu Sunyanq Parkın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu nəhəng sarsıntının yaratdığı seysmik dalğalardan birinin yer mantiyası ilə maye xarici nüvə arasındakı sərhədə qədər endiyini müəyyən edib.
Nüvə sərhədinə çırpılaraq səthə geri dönən və "ScS" adı verilən bu güclü kəsici dalğa Yaponiyanın təkmilləşdirilmiş yerüstü müşahidə şəbəkə sistemi tərəfindən qeyri-adi bir dəqiqliklə qeydə alınıb.
Dalğanın yaratdığı təsir o qədər böyük olub ki, ənənəvi seysmometrlərdən əlavə, yer hərəkətlərini ölçən GPS stansiyalarında belə aydın şəkildə görünüb, həmçinin Çindən belə təsbit edilə bilib.
Normal şəraitdə seysmik dalğa keçdikdən sonra torpağın köhnə mövqeyinə qayıtması gözlənilir, lakin tədqiqatçılar əks olunan dalğanın Yaponiyaya çatdığı həmin saniyələrdə bəzi GPS stansiyalarının ilkin mövqelərinə görə 5-6 millimetr şərqə doğru sürüşdüyünü fərq ediblər.
Məlumatların işlənməsi xətası və ya sualtı sürüşmə kimi digər ehtimalları istisna edən elm adamları məlumat simulyasiyaları köməyi ilə bu daimi sürüşmənin səbəbini ortaya çıxarıblar.
Modeləşdirmələrə görə, nüvədən qayıdan seysmik dalğa əsas zəlzələnin təsiri ilə onsuz da həddindən artıq gərginlik yüklənmiş iki tektonik plitənin kəsişmə nöqtəsinə sanki yüngül bir təkan vurub.
Əks olunan dalğa əsas sarsıntı ilə müqayisədə çox daha zəif olsa da Yaponiyanın geniş bir hissəsinə eyni vaxtda və sinxron şəkildə çatdığı üçün kilitlənmiş plitə sərhədlərində kiçikmiqyaslı bir sürüşməni tətikləməyi bacarıb.
Elm dünyasında ilk dəfə təyin olunan bu fenomen tək bir nöqtədə böyük bir qırılma yaratmaq əvəzinə nəhəng bir plitə sərhədinə yayıldığı üçün səthdə yeni bir sarsıntı hiss etdirməyib.
Ekspertlər millimetrik səviyyədə baş verən bu geniş ərazi sürüşməsinin əslində bütöv bir şəkildə baxıldıqda 7,5 gücündəki bir zəlzələyə bərabər enerji ortaya çıxardığını hesablayıblar.
"Journal of Geophysical Research: Solid Earth" jurnalında dərc olunan bu tədqiqat dünya nüvəsindən əks olunan dalğaların tektonik plitələr üzərindəki birbaşa təsirini göstərən ilk sübut olub.
Tədqiqatçılar bu mexanizmin tamamilə təsdiqlənməsi üçün gələcəkdəki böyük zəlzələlərin də bənzər şəkildə izlənilməli olduğunu vurğulayırlar.



