Yerin daxili nüvəsi əks istiqamətdə fırlanmağa başlamış ola bilər - TƏHLÜKƏLİDİRMİ?


Tədqiqatçılar Yerin daxili nüvəsinin Yerlə eyni istiqamətdə fırlanmasını dayandırdığını və hətta əks istiqamətdə fırlanmağa başladığını iddia ediblər.


AFN.az xəbər verir ki, "Nature Geoscience" jurnalında dərc olunan araşdırmaya görə, Pluton ölçüsündə isti dəmir topa bənzəyən Yerin daxili nüvəsi artıq planetlə eyni istiqamətdə deyil, hətta əks istiqamətdə fırlana bilər. Səthdən təxminən 5000 km aşağıda yerləşən "planet daxilindəki planet" müstəqil olaraq fırlana bilir, çünki maye metal onun xarici nüvəsinin içərisində üzür. Daxili nüvənin fırlanması alimlər arasında mübahisə mövzusu olduğundan, son araşdırmaların elm aləmində mübahisə yaradacağı gözlənilir.

Daxili nüvə haqqında bilinənlər kifayət qədər məhduddur. Lakin zəlzələlər və ya bəzən nüvə partlayışları nəticəsində yaranan seysmik dalğalar Yerin ortasından keçərkən onların kiçik fərqlərini ölçməklə əldə edilir. “Nature Geoscience” jurnalında dərc olunan tədqiqat daxili nüvənin hərəkətlərini izləmək üçün son altmış il ərzində baş verən zəlzələlərin seysmik dalğalarını təhlil edib. Tədqiqatın müəllifləri, Pekin Universitetindən Xiaodong Song və Yi Yang daxili nüvənin fırlanmasının, demək olar ki, 2009-cu ildə dayandığını, sonra isə əks istiqamətə çevrildiyini aşkar etdiklərini açıqlayıblar. "Biz inanırıq ki, daxili nüvə Yer səthinə nisbətən "yelləncək" kimi irəli-geri fırlanır. Yelləncəyin bir dövrü təxminən 70 ildir və orta hesabla hər 35 ildən bir istiqamət dəyişir", - deyə tədqiqatçılar bildiriblər.

Çin alimləri daxili nüvənin 1970-ci illərin əvvəllərində istiqamətini dəyişdiyini və növbəti dəyişikliyin 2040-cı illərin ortalarında baş verəcəyini proqnozlaşdırırlar. Tədqiqatçılar bildirirlər ki, sözügedən fırlanma təxminən Yerin öz oxu ətrafında fırlanması üçün lazım olan vaxta kiçik dəyişikliklərlə uyğundur və buna “gün uzunluğu” deyilir. İndiyə qədər, daxili nüvənin səth sakinlərinə hər hansı bir təsiri olduğuna dair çox az dəlil tapılıb.

Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, onlar Yerin daxili nüvəsindən səthə qədər bütün təbəqələri arasında fiziki əlaqələrin olduğuna inanırlar. "Ümid edirik ki, bizim işimiz bəzi tədqiqatçıları bütün Yer kürəsini inteqrasiya olunmuş dinamik sistem kimi qəbul edən modellər qurmağa və sınaqdan keçirməyə təşviq edəcək" - tədqiqat müəllifləri qeyd ediblər.

Bəzi ekspertlər isə tapıntılara qarşı ehtiyatlı olduqlarını ifadə edərək, fərqli nəzəriyyələrə işarə edərək, Yerin mərkəzi ilə bağlı bir çox sirlərin davam etdiyi barədə xəbərdarlıq ediblər. "Euronews Türk"də yer alan xəbərə görə, Kaliforniya Universitetindən seysmoloq Con Vidale tədqiqatı "Bu, elm adamlarının çoxlu məlumatlardan istifadə edərək çox diqqətli bir araşdırmasıdır. Ancaq modellərdən heç birinin bütün məlumatları çox yaxşı izah etdiyini düşünmürəm" - deyə qiymətləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu