Çin ABŞ-ın 46 təşkilatından məhsul alışını qadağan edib, 10 şirkətə isə sanksiya tətbiq edib
Çin Xalq Respublikası milli ixraca nəzarət qanunvericiliyinə və ikili təyinatlı malların ixracına nəzarət qaydalarına uyğun olaraq ABŞ-ın 10 şirkətini ixraca nəzarət siyahısına daxil edib.
AFN.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çinin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
"Bu tədbir milli təhlükəsizliyin və maraqların qorunması, habelə kütləvi qırğın silahlarının yayılmaması kimi beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə qəbul edilib", – deyə məlumatda bildirilir. Sanksiya tətbiq edilən subyektlər arasında "Aveox, Inc.", "Ball Aerospace & Technologies Corp.", "L3Harris Maritime Services, Inc." və digər şirkətlər yer alır.
Bundan əlavə, rəsmi Pekin sanksiya siyahısına salınmış ABŞ-ın 46 şirkəti tərəfindən istehsal olunan məhsulların dövlət satınalmaları çərçivəsində alınmasına qadağa qoyulduğunu elan edib.
Çinin Maliyyə Nazirliyinin yaydığı bildirişdə qeyd olunur ki, yeni qaydalara əsasən, dövlət satınalmalarında iştirak edən təşkilatlara adları sadalanan Amerika şirkətlərinin, o cümlədən "Lockheed Martin Corporation" və "Raytheon Missiles & Defense" korporasiyalarının məhsullarını almaq qadağan edilir.
Nazirlikdən həmçinin bildirilib ki, sözügedən məhdudiyyət ABŞ investisiyalı olan və hazırda Çin ərazisində fəaliyyət göstərən şirkətlərə şamil edilmir.

